Artıq hər bir avtomobil sahibinin bank hesabı olması da zərüridir.
- consburo.com
- Jan 11, 2017
- 1 min read

01 yanvar 2017-ci ildən qüvvə minmiş “Nağdsız hesablaşmalar haqqında “Azərbaycan Respublikasının Qanunun müddəaları dolayısı ilə sadə vətəndaşlara da aid edildiyi üçün vətəndaşlarımızın məlumatlandırılmasını zəruri hesab edirik.
Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4.2-ci maddəsinə əsasən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər aparılan zaman vətəndaş ilə sığorta şirkəti arasızdakı bütün ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bu məsələnin sadə dillə izahı ondan ibarətdir ki, nəqliyyat vasitəsini icbari sığorta etdirən vətəndaş ilk növbədə sığorta haqqını ya sığorta şirkətinin bank hesabına ödəməli, yaxud ödəniş kartından istifadə etməklə nağdsız qaydada ödəməlidir. Qanunvericilik sığorta təşkilatlarına sığorta haqqının nağd qəbulunu qadağan edir. Bu səbəbdən ödəniş kartı olmadığı halda qısa vaxt ərzində nəqliyyat vasitələrinin icbari sığortasını həyata geçirmək mümkün olmayacaq.
Növbəti mərhələdə yol nəqliyyat hadisəsi, yəni sığorta hadisəsi baş verdikdə sığorta şirkəti vətəndaşa dəymiş ziyanın qarşılığında nağd pul vəsaitini verə bilməyəcək. Çünki qanunvericilik yenə sığortalıya ödənilməli pul vəsaitinin nağd verilməsini sıığorta təşkilatlarına qadağan edir.
Odur ki, hər bir nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsini sığorta etdirdikdə bilməlidir ki, sığorta ödənişini almaq üçün mütləq bank hesabına malik olmalıdır.